Nə qədər böyüsə də, süni intellektin aşa bilmədiyi yeganə maneə…

Ata–oğul iki tədqiqatçının yayımladığı araşdırma süni intellekt modellərinin bəzi tapşırıqları niyə heç vaxt yerinə yetirə bilməyəcəyini ortaya qoyur. Problemin səbəbi məlumat çatışmazlığı deyil, hesablamanın öz təbiəti ola bilər.

İksmedia HİT.az-a istinadən xəbər verir ki, son illərdə süni intellekt dünyasında üstünlük təşkil edən ümumi fikir ondan ibarət idi ki, modellər nə qədər çox məlumatla qidalanarsa, bir o qədər ağıllı olacaq və sonda insan kimi düşünən sistemlərə çevriləcək. Lakin iri texnologiya şirkətlərinin milyardlarla dollarlıq bu böyük riski gözlənilməz bir riyazi divara dirənmiş ola bilər.

Ata–oğul tədqiqatçılar Vişal və Varin Sikka tərəfindən dərc edilən yeni araşdırma böyük dil modellərinin müəyyən bir mürəkkəblik səviyyəsindən sonrakı tapşırıqları yerinə yetirməsinin riyazi baxımdan mümkün olmadığını irəli sürür. Bu nəticə süni intellektin sonsuz inkişaf trayektoriyasına malik olması iddiasını da kökündən sarsıda bilər.

Araşdırmanın gəldiyi nəticə əslində olduqca sadə məntiqə əsaslanır: süni intellekt modelinə verilən tapşırıq və ya sorğu modelin emal gücündən daha mürəkkəb hesablamalar tələb etdikdə sistem ilişib qalır. Bu mərhələdə model ya tapşırığı yerinə yetirə bilmir, ya da tamamilə yanlış nəticə istehsal edərək “halüsinasiyalar” adlandırılan xətalı proseslərə sürüklənir. Mürəkkəb tənliklərlə əsaslandırılan bu tədqiqat texnologiya dünyasının “sərhəd göydür” vədlərinə daha aşağı bir tavan çəkir.

Bu araşdırma xüsusilə “agent tipli” süni intellekt modellərinə dair gözləntiləri də xeyli soyudur. İnsan nəzarəti olmadan çoxmərhələli tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilən sistemlərin süni ümumi zəka yolunda əsas açar olacağı düşünülürdü. Lakin Sikka ailəsinin işi bu modellərin mürəkkəb məntiq zəncirlərində niyə uğursuz olduğunu riyazi dəqiqliklə göstərir.

Əslində bu, süni intellektin imkanlarına şübhə ilə yanaşan ilk tədqiqat deyil. Ötən il “Apple” tədqiqatçıları da oxşar nəticəyə gəlmiş, dil modellərinin real mənada “düşünmədiyini”, sadəcə düşündüyünə dair olduqca inandırıcı bir illüziya yaratdığını bildirmişdilər.

Süni intellektin yaradıcılıq sahəsindəki sərhədlərini yoxlayan testlər də indiyədək ümidverici nəticələr göstərməyib. Bir çox mütəxəssis hesab edir ki, bu modellər iş prinsiplərinə görə bizim anladığımız mənada heç vaxt “zeka”ya sahib ola bilməz. Sikkaların təqdim etdiyi sübutlar da bu mövqeyi dəstəkləyən ən güclü akademik sənədlərdən biri kimi qiymətləndirilir.

Mövcud məlumatlar fonunda süni intellektin “Elon Musk” kimi fiqurların iddia etdiyi kimi yaxın zamanda insan zəkasını üstələməsi elmi reallıqdan daha çox nikbin bir arzu təsiri bağışlayır. Görünən odur ki, süni intellekti daha ağıllı etməyin yolu təkcə daha çox məlumat yükləməkdən deyil, hesablamanın əsas məntiqini köklü şəkildə dəyişməkdən keçəcək.

 

Şəkidə tanınmış biznesmen həbs edildi

Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.

“İksmedia" “Report”a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı zamanı Şəkidə fəaliyyət göstərən “Azəri koperasiyası” MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifovun onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istədiyi məlum olub.

Bu səbəbdən o, tanışları - İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakıya göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb. Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər. Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib. Nəticədə Tehran Lətifov və digərləri saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Xaricdən sifariş edilmiş məhsullar niyə gecikir?

“Son həftələr ərzində onlayn platformalar üzərindən sifariş edilmiş məhsulların çoxu Azərbaycan ərazisinə daxil olsa da, gömrükdə saxlanılır və buraxılmır”.

İksmedia  “Qafqazinfo”ya istinadən vətəndaşların müraciətində bildirir.

Vətəndaşların sözlərinə görə, məsələyə nə gömrük orqanları, nə daşıyıcı şirkətlər, nə də onlayn alış-veriş platformaları aydınlıq gətirir: “Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır, səbəb izah olunmur, konkret müddət deyilmir. Nəticədə insanlar həftələrlə gözləməyə məcbur qalır”.

Şikayətçilər deyir ki, söhbət kommersiya məqsədli yox, şəxsi istifadə üçün sifariş olunan mallardan gedir: “Buna baxmayaraq, proses qeyri-şəffaf şəkildə uzadılır və bu da haqlı narazılığa səbəb olur”.

Bu prosesi, həmçinin son günlər sosial şəbəkə və media orqanlarında müzakirə olunan, gömrük limitinin 300 dollardan 100 dollara endirilməsi haqda rəsmən təsdiqini tapmayan iddialarla da əlaqələndirən var.

Vətəndaşlar Dövlət Gömrük Komitəsinə müraciət etsələr də, onları narahat edən suallara heç bir rəsmi cavab ala bilmədiklərini də iddia edirlər: “İnsanlar səbəb istəyir... Bu nə vaxta kimi davam edəcək? DGK heç bir açıqlama vermir, hətta sosial şəbəkəsində yazılan rəylər də silinir. Dəfələrlə gömrüyə və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yazılı şikayət ünvanlamışıq, lakin cavab gəlməyib”.

Məsələ ilə bağlı DGK-ya sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir: “Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.

Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.

Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.

Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur”.

“Bandotdel” əməliyyat keçirdi, həbs olunanlar var

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki,bu barədə  nazirliyin mətbuat xidmətinə istinadən bildirilib ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar.

Onlardan 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

 

 

 

 

54 il sonra həmin boyunbağını o taxdı

Məşhur avstraliyalı aktrisa Marqo Robbi ötən gün rol aldığı “Wuthering heights” filminin premyerasında iştirak edib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, Los-Ancelesdə baş tutan tədbirdə 35 yaşlı aktrisa gözəl görünüşü ilə diqqət çəkib.

O xüsusilə boyunbağısı ilə göz oxşayıb. Məlum olub ki, Robbinin taxdığı boyunbağının maraqlı bir hekayəsi var. “Tac Mahal” adlı bu zinət əşyasının ilk sahibi Böyük Moğol İmperiyasının 4-cü imperatoru Cahangirin həyat yoldaşı Nur Cahan olub. Daha sonra zinət əşyasını onların oğlu Cahan Şahın sevimli həyat yoldaşı, şərəfinə Tac Mahal inşa edilmiş Mumtaz Mahal taxıb. Boyunbağı öz adını məhz məşhur tikilinin şərəfinə alıb.

İllər sonra boyunbağını alan fransız zərgərlik evi “Cartier” onun zəncirini təkmilləşdirərək aktyor Riçard Börtona satıb. Börton isə onu 1972-ci ildə, 40 illik yubileyində həyat yoldaşı, əfsanəvi aktrisa Elizabet Teylora hədiyyə edib. 2011-ci ildə aktrisa vəfat etdikdən sonra boyunbağı auksionda 8,8 milyon dollara satılıb. Lakin onu kimin aldığı marədə məlumat yoxdur.

Marqonun həmin boyunbağını taxması zinət əşyasının ona məxsus olduğu barədə şayiələrin yayılmasına gətirib çıxarıb. Amma sosial şəbəkələrdə aparılan müzakirələrdə “Tac Mahal”ın aktrisaya aid olmadığı, bunun filmin piarı məqsədilə edildiyi bildirilib.

Qeyd edək ki, qızıl və yaqut zəncirdən asılmış ürək formalı brilyant kulonun üzərində “Tac Mahal”ın ilk sahibi Nur Cahanın adı, “Sevgi əbəbidir” ifadəsi, həmçinin hind sevgi şeirlərindən sitatlar yer alıb.

 




 

7 -dən səhifə 29

Oxşar məqalələr