Ağıl və cəsarət qarşısında hoqqabazlıq həmişə məğlub olub
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında iyunun 18-də keçirilmiş Sammitində Prezident İlham Əliyev növbəti dəfə torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətini kəskin tənqid edib. Hədəf yenə də Qarabağın azadlığı, düşmənin regionda sülhə mane olan fəaliyyəti və azərbaycanlılara qarşı törədilmiş cinayətlər, habelə beynəlxalq erməni terrorizmi olub.
Şərq Tərəfdaşlığı ölkələrinin hökumət və dövlət başçılarının iştirak etdiyi Sammitdə Azərbaycanın dövlət başçısı çıxışında bu istiqamətdə fəallıq göstərən ölkəmizin xarici siyasətinin prioriteti kimi bu əməkdaşlığı yüksək qiymətləndirib, mühüm layihələrin reallaşdırılmasından danışıb. Eyni zamanda torpaqlarımızı işğal altında saxlayan və beynəlxalq təşkilatların işğalı dayandırmaq barədə çağırışlarını, qəbul etdiyi sənədləri qulaqardına vuran Ermənistan rəhbərliyinin fəaliyyətini tənqid edib. Başlıcası, hamının gözü qarşısında Ermənistanın Azərbaycanla müqayisədə zəif olduğunu bir daha sübut edib.
Əgər tarixi faktlara nəzər salsaq, ermənilər həmişə türk sərkərdələr qarşısında aciz duruma düşüblər. İstər Teymurləngin, istər Şah İsmayıl Xətainin, Azərbaycan Demokratik Cümhuriyyətinin müdafiə naziri Xosrov bəyin və bugünümüzdə Azərbaycan Respublikasının Prezidenti və Ali baş Komandanı İlham Əliyevin həm rəhbərlik etdikləri dövlətin gücü-qüdrəti, həm də şəxsi keyfiyyətləri baxımından erməniləri nə qədər üstələdikləri tarixi faktdır. Son iki ildə Prezident İlham Əliyev Rusiyada keçirilən Beynəlxalq Valday Klubunun toplantısında, Aşqabadda MDB dövlət başçılarının sammitində, Münhen Təhlükəsizlik Konfransında, indi də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Paşinyanın siyasətini ifşa edərək onu çıxılmaz duruma salıb.
Qədim zamanlarda çox itkiyə getməmək üçün dövlət yaxud qoşun başçıları təkbətək döyüşər, qalib gələn şəxsin təmsil etdiyi dövlət qalib sayılardı. Ölkəmiz müstəqillik qazanandan sonra Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündəki vizual panoramı nəzərdən keçirəndə təsvirlərin sətiraltı mənaları dərhal anlaşılır. Biz, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın Heydır Əliyev qarşısında necə büzüşüb oturduğunun, Serj Sarkisyanın İlham Əliyevlə görüşdə necə qızarıb-bozardığının şahidi olmuşuq. İndi isə baş nazir Nikol Paşinyanın bizim ölkə rəhbərimizlə qarşılaşanda gözlərini necə qaçırdığını aydın görürük. Bütün bunlar ermənilərin haqsız olmalarını göstərən ruhi simptomlardır. Amma onların xarakterində olan həyasızlıq bu simpromların reallıqda əks olunmasını əngəlləyir. Düzdür, ümumilikdə, bəzi dövlətlərin beynəlxalq strateji məqsədlərinin də Qarabağ münaqişəsinin həllinə təsiri böyükdür. Lakin əsas ağırlıq Ermənistanın üzərindədir. Çünki işğal faktoru onların üzərindədir. Azərbaycanın erməniləri ifşa etməyə gücü və cəsarəti var. Ermənilərin isə haqsızlıqlarını etiraf edib sülhə nail olmağa cəsarətləri və gücləri yoxdur. Buna görə də Azərbaycan tərəfdən həmişə əsaslı tənqid edilərək biabırçı səviyyəyə salınır.
Şərq Tərəfdaşlığı sammitində təmsilçilərin danışıqlarının məzmunu çox şeyi sübut edir. Əgər Azərbaycan Prezidenti sosial-iqtisadi inkişafda ölkəsinin qazandığı nailiyyətlərdən, koronavirus pandemiyasından əziyyət çəkən ölkələrə yardımından danışırdısa, Ermənistanın baş naziri çətinliklərdən, onlara verilən ianələrdən, kreditlərdən bəhs edirdi. Bunun özü də təcavüzkarın təbii yolla baş verən ifşasıdır.
Sammitdə tənqidə guya cavab olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinadla irqçilikdən danışan Paşinyan dərhal Prezident İlham Əliyev tərəfindən tutarlı cavaba məruz qalıb: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”. Bu, naşı hökumət başçısına təkcə tövsiyə deyil, həm də onun sərsəmləməsinin ifşasıdır.
Əslində, Ermənistan rəhbərliyinin hər bir ifadəsində onların təcavüzkarlığını və qeyri-konstruktivliyini açıb göstərən kifayət qədər faktlar var. Məsələn, sual olunur ki, nə üçün Paşinyan “Qarabağ” sözünü ingilis dilində “Naqornıy Karabakh” deyir, amma ermənicə “Artsax”? Beynəlxalq aləmdə Azərbaycana məxsus ərazinin adı olduğu kimi saxlanılıb və bununla da Qarabağın Azərbaycana məxsusluğu təsdiq edilir. Ermənilər bunu bilməmiş deyillər. Amma Ermənistanın daxilində siyasi vəziyyət o qədər zəif, zehni dünyagörüş o qədər kasaddır ki, onlar danışanda özlərini “qəhrəman” göstərmək üçün hər çeyi saxtalaşdırılmış adlarla adlandırırlar. Demək, əslində hakimiyyətlərinin taleyini düşünürlər, daha bütün tərəqqipərvər dövlətlərin və insanların çalışdıqları sülh onların vecinə deyil.
Sammitə maska taxmaqla gələn Paşinyan ermənilərin hoqqabaz olduqları barədə dünya ictimaiyyətində yaranmış istehzalı təsəvvürləri bir qədər də zənginləşdirib. Görəsən, heç bir dövlət başçısının videokonfranslar zamanı istifadı etmədiyi və buna ümumiyyətlə həmin şəraitdə lüzum olmadığı halda Paşinyan nə üçün bunu edib? Cavabı tapmaq çətin deyil: yazıqlıq sindromu. Ermənilərin əlində bu sindrom həmişə güclü olub. Lakin daha belə hoqqabazlıqlar səmərə vermir. Çünki, Azərbaycan onların əsil simalarının nədən ibarət olduğunu bütün dünyaya açıb göstərib.
N.NOVRUZ