AXTAR

Prezidentin xalqa və dünyaya mesajları; hədəflər, planlar - hesabat kimi müsahibə...

ilhaməliyevmüsahibə

Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi geniş müsahibədə olduqca mühüm fikirlər səsləndirib, ölkə ictimaiyyətinə və dünyaya, beynəlxalq qurumlara ciddi mesajlar verib, çağırışlar, tələblər edib.

Dövlət başçısının səsləndirdiyi fikirlərin təhlilinə keçməzdən öncə bir məqamı xüsusi vurğulayaq ki, Prezident son aylarda paytaxtda və bölgələrdə iştirak etdiyi açılış mərasimlərində, ictimaiyyət qarşısında çıxışlarında və jurnalistlərə müsahibələrində əsasən hesabat xarakterli danışır və dövlətin prioritetlərini bənd-bənd, ən xırda detalına qədər bəyan edir. De-fakto bunun özü bir siyasətdir və atılan bütün addımları, qarşıdakı hədəfləri cəmiyyətlə açıq şəkildə bölüşmək kimi qavranılır. Görülən işlər, prioritetlər elan edildikdə isə göz önündə canlanan mənzərə, yaranan qənaət bundan ibarətdir ki, bu planlar və hədəflər birmənalı şəkildə Azərbaycanın və xalqın milli maraqlarına, dövlətin sürətli inkişafına yönəlib. Əlbəttə ki, bu proseslər təbii olaraq xalq tərəfindən yüksək qarşılanır: mexanizmlər və iş planları, xüsusən iqtisadi və sosial siyasət elə formalaşdırılıb ki, hansısa tənqidi məqamlar tapmaq mümkün olmur.

Aydın olan budur ki, bütün proqramlar və hədəflər son illərdə məhz Prezidentin apardığı islahatlar nəticəsində formalaşan ciddi, peşəkar bir hökumət komandası ilə təhlil olunur, araşdırılır, hazırlanır, icra olunur. Prezident koronavirus pandemiyası ilə əlaqədar yaranmış durumdan və müvafiq olaraq bütün sferalar üzrə görülən işlərdən danışarkən bunu diqqətə çatdırıb. Sitat: “Qərarlar qəbul olunarkən mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr aparılır”.

Təbii, biz şahidi oluruq ki, ölkədə icra olunan bir çox iqtisadi-sosial layihələrin əksəri birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-Prezident təşəbbüsləridir. Eyni zamanda görünən budur ki, bu layihələr geniş təhlillər aparılaraq, dünya təcrübəsi öyrənilərək həyata keçirilir və uğurlu nəticələr əldə olunur.

***

Prezidentin geniş müsahibəsində xüsusi diqqət yetirdiyi məsələ təbii ki, koronavirus pandemiyası dövründə iqtisadi və sosial sahədə görülən işlər, vəziyyətə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı atılan addımlar, onun nəticələri barədə olub.

Prezident bildirib ki, vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Konkret olaraq nəticə budur: Bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib. Yəni əgər 1-2 həftə öncə gündəlik yoluxmalar artaraq 600-ə yaxınlaşmışdısa, məhdudlaşdırıcı tədbirlər, sərt karantin rejimi ilə bu tempin qarşısı alınıb, yoluxmalar azalmaqda davam edir və hazrkı göstərici bir neçə gündür ki, təxminən 520-540 nəfər ətrafında dəyişir. Ən əsası, sağalanların sayının artması, yoluxanlarla nisbətin 60-70 nəfərə çatması də ciddi göstəricidir.

İndi hamının verdiyi bir sual var ki, sərt karantin tədbirləri nə qədər davam edəcək, yumşalmalar nə zaman olacaq.

Prezident buna çox konkret şəkildə aydınlıq gətirib. Sitat: “İndiki karantin rejiminin nə qədər davam edəcəyi vəziyyətdən asılı olacaq”.

Bu, o deməkdir ki, hər şey vətəndaşların məsuliyyətindən, karantin qaydalarına əməl etməsindən asılı olacaq.

Dövlət başçısı müsahibəsində bununla bağlı konkret danışıb, dövlətin gərəkən bütün addımları atdığını və atacağını bir daha diqqətə çatdırıb və qeyd edib ki, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Və o, bir sıra çağırışlar da edib.

Sitatlar:

- Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb;

- Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir;

- Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır;

- Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb;

- Polis orqanları tərəfindən bütün pozuntulara adekvat reaksiya verilməlidir;

- Heç kim qanundan üstün deyil - biz xalqımızıın sağlamlığını qorumalıyıq.

Burada diqqəti ona yönəldək ki, Bakının məşhur hotellərindən birində karantin qaydalarının pozulması sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra polis bura müdaxilə etdi və qanunu pozanlar cəzalandırıldı. Prezident bu məsələyə çıxışında xüsusi toxundu və bir daha bəyan etdi:

- Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır;

- Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq.

***

Dövlət başçısı pandemiya dövründə görülən işlər, post-pandemiya hazırlıqları barədə daha detallı danışıb, faktları və rəqəmləri diqqətə çatdırıb. Prezident deyib ki, bu müddət ərzində heç bir sosial layihə təxirə salınmadı: 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Cənab İlham Əliyev vurğulayıb ki, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur:

Sitatlar:

- Azərbaycan hökuməti birmənalı şəkildə, tərəddüdsüz insanların sağlamlığını prioritet elan etdi;

- Heç bir sosial layihə təxirə salınmadı, ixtisar olmadı;

- 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir;

- Bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək;

- Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək;

- İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur;

- Ünvanlı sosial yardım alanların sayı artırıldı və 85 min ailəyə, yaxud da 300 mindən çox insana çatdırıldı;

- İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur;

- Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və pandemiya bizim ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərib;

- Pandemiya gözəl nəticələr vəd edən iqtisadi planlara müdaxilə etdi;

- Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı;

- İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur;

- Beş ayın yekunlarına görə kənd təsərrüfatında 3 faizdən çox artım vardır;

- Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub;

- Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb.

Dövlət başçısı həmçinin söyləyib ki, Azərbaycanda kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizə aparılır. Bunun göstəriciləri olan bir çox detalları da konkret sadalayıb, eyni zamanda bu istiqamətdə hədəfləri göstərib:

- Yüz mindən çox əmək müqaviləsi imzalandı. Qeyri-formal məşğulluq ağardılır;

- Maarifləndirmə işləri, ciddi inzibati addımlar, dövlət və biznes qurumları arasındakı təmaslar yüz mindən çox əmək müqaviləsinin imzalanmasına şərait yaratdı;

- Hazırda qeyri-formal sahədə işləyən digər insanlar da tədricən kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklər;

- Azərbaycana təqribən 3,5 milyon turist səfər edəcəyi, ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyuta gələcəyi gözlənilirdi;

- Altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bu şəffaflığın, dürüstlüyün, kölgə iqtisadiyyatının daralması hesabına baş verib;

- Ən böhranlı məqamda da islahatlar davam etdirilir və gözəl nəticələr əldə olunur.

***

Pandemiya dövründə bütün dünyada iqtisadi geriləmələr oldu, neftin qiyməti düşdü. Düzdür, artıq neft 40 dolları keçib, amma bir qısa dövr oldu ki, neft 14-20 dollar civarında satıldı. Təbii, dövlətini, xalqını sevən hər kəs buna təəssüfləndi. Yalnız bəlli bir qrup buna sevindi; Milli Şura adlanan bir qurumun üzvləri.

Azərbaycan Prezidenti tv-lərə müsahibəsində ölkədəki ictimasi-siyasi vəziyyət barədə danışarkən ölkənin uğurlarına sevinməyən qrupları da sərt tənqid edib. O, bəyan edib ki, neftin qiymətinin düşməsinə sevinən bir Ermənistan olub, bir də özünü müxalifət adlandıran antimilli şura üzvləri: “Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və ölkə böyük problemlərlə üzləşəcək. Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir”.

Həmçinin, prezident Azərbaycanın neftin qiyməti düşəcəyi halda çətinliklərlə üzləşəcəyinə sevinənlərə tərs şillə də çəkib: Dövlət başçısı bildirib ki, neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər. Ancaq prezident xalqa bəyan edib: “Neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracaq. Son illər ərzində yaradılmış böyük iqtisadi-maliyyə potensialı istənilən böhranla bacarmağa imkan verir!”.

***

Azərbaycanda hər kəsin bir düşüncəsi var ki, ölkəmizin başlıca problemli Qarabağ məsələsidir, işğaldakı torpaqlarımızın azad olunmasıdır. Prezident İlham Əliyev bu məsələyə hər çıxışında toxunur. Dövlət rəhbəri telekanallara geniş müsahibəsində də olduqca prinsipial və konkret danışıb. Həmçinin, beynəlxalq təşkilatların, Avropa və Qərb təsisatlarının ikili standartları, Ermənistanda formalaşmış diktatura rejiminə heç bir reaksiya verməmələri də tənqid olunub.

-Gecə-gündüz Azərbaycan haqqında iftiralar uyduran və indi də vəzifədə qalmaq üçün dəridən-qabıqdan çıxan ATƏT-in media üzrə nümayəndəsi hardadır? Ermənistanda həbsxanada jurnalist öləndə niyə səsini çıxarmadı?;

- Avropa Şurası Ermənistanı niyə tənqid etmir? Niyə Ermənistana siyasi məhbus üzrə məruzəçi təyin edilmir?;

- Ermənistanda keçirilmiş bütün seçkilərdə Avropa qurumlarının saxtakarlığı aydın görünüb;

- S.Sarkisyanın dövründə beynəlxalq müşahidəçilər Ermənistanda seçicilərin kütləvi qaydada satın alınması prosesinə, seçkilərin saxtalaşdırılmasına müsbət rəy verdilər və ondan sonra xalq ayağa qalxdı;

- Azərbaycanın dinc əhalisinə qarşı cinayət törədən S.Sarkisyan - o cəllad qorxaqcasına qaçıb gizləndi. İndi də əsas məqsədi odur ki, həbs olunmasın.

- Sarkisyanın xunta rejimi devriləndən sonra parlament seçkiləri elan olunur və faşist simvolikası daşıyan Respublikaçılar Partiyası heç 1 faiz də səs toplamır. Necə ola bilər, bir neçə ay bundan əvvəl o, 50 faiz, indi isə 1-2 faiz səs toplayır?;

- Avropanın saxtakar müşahidəçiləri buna necə müsbət rəy verdilər ki, bu adama bütün erməni xalqı nifrət edir və seçkilər də onu göstərdi;

- Artıq heç kimdə şübhə yoxdur ki, beynəlxalq təşkilatlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir;

- Ermənistan onların qarşısında baş əyir, diz çökür və buna görə də onun başını sığallayırlar. Özünü ləyaqətli aparan, ayaqda möhkəm duran və özünə qarşı hörmət tələb edən Azərbaycan kimi ölkələrə isə insan haqları, demokratiya pərdəsi altında hücum təşkil edilir;

- Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir.

Prezident bunlardan çıxış edərək bildirib ki, artıq heç kimdə şübhə yoxdur ki, beynəlxalq təşkilatlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir.

Heç şübhəsiz ki, bu məsələdə daha çox məsuliyyət ATƏT-in üzərindədir. Odur ki, Prezidentin “Azərbaycan ATƏT MQ həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir” bəyanatını onlar növbəti dəfə eşitməzliyə vurmamalıdırlar, əgər münaqişənin həllində maraqlıdırlarsa.

Prezident çox açıq şəkildə fikirlərini duyurub, sərt tənqidlərini çatdırıb və əlbəttə ki, dövlət başçısı kimi, Azərbaycan xalqının adından aşağıdakı tələbləri qoyub:

- Azərbaycan ATƏT Minsk qrupunudan başqa, konkret bəyanatlar gözləyir və onu eşitmək istəyir;

- ATƏT MQ Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasına niyə cavab vermir?

- Niyə cavab verilmir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir;

- Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir!

- ATƏT MQ həmsədrləri Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər;

- Azərbaycan danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətini əsas götürür;

- Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur;

- “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!;

- Qondarma Dağlıq Qarabağda saxta seçkilər nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?!;

- Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq;

- ATƏT MQ həmsədrlərinin bəyanatında əsas tezis odur ki, hərb variantı mümkün deyil;

- BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququ təsbit olunub. ATƏT MQ özünü BMT-nin Nizamnaməsindən üstün hesab edir?;

- Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?!;

- ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. ATƏT MQ həmsədrləri buna heç Azərbaycan ATƏT MQ həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir bir reaksiya vermirlər;

- Azərbaycan dözümlülük göstərir və konstruktiv olmağa çalışır. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir...

Bu məsələyə dair yekun olaraq Prezident qəti mövqe ortaya qoyub və bu o deməkdir ki, Azərbaycanın səbri sonsuz deyil, tükənməkdədir: “Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir... Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil”.

Yəqin ki, artıq şərhə ehtiyac qalmır...

Elşad MƏMMƏDLİ

“Yeni Müsavat”

Oxşar məqalələr