Mərkəzi Gömrük Hospitalı pandemiya ilə mübarizəyə yeni impuls verir. Bu günlərdə hospitalda laborator müayinə imkanlarını genişləndirən yeni müasir PZR laboratoriyası fəaliyyətə başlayıb. Hospitalın müasir Real vaxtlı PZR (Real-Time PCR) laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir.
Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 nümunə əldə etməyə imkan verir. Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada yüksək texnologiyalı avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırıb. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.
Laboratoriyanın müasir havalanma sisteminin yüksək keyfiyyətli hepafiltrlərlə təchiz edilməsi iş prosesində havada mikrohissəciklərin olmamasına və tədqiq olunan materialın çirklənməməsinə zəmanət verir. Laboratoriyada tibbi tullantıların utilizasiyası milli və beynəlxalq qaydalara uyğun tənzimlənir.
Hazırda bu laboratoriyanın fəaliyyəti ölkəmizdə SARS-CoV-2 virusuna yoluxması ehtimalı olan insanların Real-Time PZR testlərindən keçirilməsi prosesinə kömək edilməsinə yönəldilib.
İKSmedia.az