“Qiyamət saatı”nı bu vaxta “təyin etdilər”

Alimlər “Qiyamət saatı”nı gecə yarısına 85 saniyə qalmış vəziyyətə gətiriblər.

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu yeniləmə saatın indiyədək gecə yarısına ən yaxın mövqeyə təyin edildiyini göstərir.

“Qiyamət saatı”nda gecə yarısı bəşəriyyətin Yer kürəsini yaşanmaz hala gətirəcəyi anı simvolizə edir.

Atom Alimləri Bülleteni iqlim böhranı, nüvə müharibəsi riski və süni intellektin nəzarətsiz istifadəsi kimi qlobal təhlükələri əsas gətirərək, saatın irəli çəkildiyini açıqlayıb.

 Bildirilib ki, dünya insan fəaliyyəti nəticəsində yaranan fəlakətlərə tarixdə heç olmadığı qədər yaxınlaşıb.

Qeyd edək ki, “Qiyamət saatı” ilk dəfə 1947-ci ildə Atom Alimləri Bülleteni tərəfindən yaradılıb. Təxminən 80 il sonra saatın 85 saniyəyə endirilməsi bu göstəricinin ən kritik səviyyəyə çatdığını ortaya qoyur. Ötən il “Qiyamət saatı” gecə yarısına 89 saniyə qalmış vəziyyətdə idi.

İrandan Trampın razılaşma çağırışına - Cavab

İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən və nüvə silahı əldə edilməsinin qarşısını alan razılaşmaya hazır olduqlarını bir daha bəyan edib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, “X” sosial şəbəkəsində paylaşım edən Araqçi ABŞ Prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı mesajına cavab verib.

O bildirib ki, İran həmişə qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabər şərtlər üzərində qurulan nüvə razılaşmasını dəstəkləyib.

Nazirin sözlərinə görə, belə bir razılaşma təzyiq, təhdid və qorxutma elementlərindən uzaq olmalı, İranın dinc nüvə texnologiyasından istifadə hüququnu təmin etməli və nüvə silahlarının əldə edilməsinə yol verməməlidir.

Araqçi vurğulayıb ki, İranın təhlükəsizlik doktrinasında kütləvi qırğın silahlarına yer yoxdur və ölkə heç vaxt bu cür silahlar əldə etməyə cəhd göstərməyib.

Bununla yanaşı, iranlı nazir ölkəyə qarşı istənilən hücuma dərhal və sərt cavab veriləcəyini də qeyd edib.

Tramp bu gecə bəyanatla çıxış edəcək

ABŞ Prezidenti Donald Tramp bu gecə Oval Ofisdən bəyanatla çıxış edəcək.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Roll Call” portalında dərc olunan ABŞ liderinin açıq qrafikində qeyd olunub.

Bəyanatın mövzusu açıqlanmır. Tədbirin başlanğıcı yerli vaxtla saat 16:30-a (Bakı vaxtı ilə 01:30) planlaşdırılıb.

Bundan əlavə, yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 19:00) ABŞ lideri kəşfiyyat məsələləri ilə bağlı qapalı brifinqdə iştirak edəcək, saat 11:00-da isə (Bakı vaxtı ilə 20:00) öz administrasiyasının iclasını keçirəcək. Daha sonra Vaşinqton vaxtı ilə saat 19:00-da (30 yanvar, Bakı vaxtı ilə 04:00) Donald Tramp və həyat yoldaşı Melaniya Tramp ABŞ-nin birinci xanımı haqqında çəkilmiş filmin nümayişində iştirak edəcəklər.

 

 

Ərdoğan və Tramp nəyi müzakirə edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, söhbət zamanı iki ölkə arasında münasibətlər, ticarət əlaqələri, müdafiə sənayesi sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələr müzakirə edilib. 

Ərdoğan telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəklərini, hər sahədə münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkənin ortaq maraqlarına uyğun olduğunu ifadə edib. 

Qonşu Suriyada atəşkəs razılaşmasının tam olaraq tətbiq edilməsinə böyük önəm verdiklərini vurğulayan Türkiyə lideri ABŞ və Suriyanın müvafiq orqanları ilə koordinasiyalı şəklində prosesi yaxından izlədiklərini bildirib.

Bundan başqa, Ərdoğan Sülh Şurasının səmərəli fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib, Qəzzadakı humanitar fəlakətə son qoyulması və sektorun bərpasının bölgədə dayanıqlı sülhə yol açacağına əminliyini ifadə edib.

 
 
 

Əhməd əl-Şaraa Moskvadadır

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Moskvaya səfər edib.

“İksmedia” “İnterfaks”a istinadən xəbər verir ki, Suriya liderinin təyyarəsi “Vnukovo-2” aeroportunda yerə enib.

Əl-Şaraa Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. 

Xatırladaq ki, Suriyanın keçid dövrü prezidenti ilk dəfə ötən il oktyabrın 15-də Moskvaya səfər etmişdi. Bu, Suriyada hakimiyyətin dəyişməsindən sonra iki ölkə arasında ilk yüksəksəviyyəli görüş olmuşdu.

Xameneiyə görə HƏRƏKƏTƏ KEÇDİLƏR - "Ağ kəfənli"lərdən ŞOK ƏMƏLİYYAT HAZIRLIĞI

İraqın "Kətaib Hizbullah" silahlı qruplaşmasının üzvləri intiharçı hücumları həyata keçirmək üçün qeydiyyatdan keçməyə başlayıblar.

"İksmedia"Musavat.com-a istinadən  xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

Məlumatda bildirilir ki, bu addım qruplaşmanın İranı dəstəkləmək məqsədilə daha genişmiqyaslı münaqişəyə hazır olduğunu bəyan etməsindən sonra atılıb.

Yayımlanan fotolarda ağ kəfənə bürünmüş kişilərin "intihar əməliyyatlarında" könüllü iştirakla bağlı sənədlərə imza atdıqları görünür.

Həftənin əvvəlində ABŞ tərəfindən terror təşkilatı kimi tanınan "Kətaib Hizbullah" döyüşçülərini və tərəfdarlarını İrana yönələn təhdidlərə cavab olaraq tammiqyaslı müharibəyə hazırlaşmağa çağırıb.

Qeyd edək ki, qruplaşma İraqın Xalq Səfərbərlik Qüvvələrinin tərkibinə daxildir, regionda ABŞ və onun müttəfiqlərinə məxsus obyektlərə hücumlarla tanınır.

20 oktyabr - Zəngilan şəhəri günü

zengilan3

Bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini eşidərək, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə deyə bilərik ki, bu gün müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmir. Doğma torpaqlarında müharibə aparan ölkəmiz hazırda ərazi bütövlüyünü qarış-qarış bərpa edir. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmur.Vətən müharibəsi başlanan gündən "Olimpiya dünyası” qəzeti öz səhifələrini bu mövzuya həsr edir. Bu sayımızda Zəngilan barəsində topladığımız məlumatları çoxsaylı oxucularımıza təqdim edirik.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi 35 mindən çox olub. Ərazisinə bir şəhər, bir qəsəbə, 83 kənd daxildir.İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixi abidə olunmuşdur.
Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.
Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir: "Tranzit nöqteyi-nəzərdən, rayonun xüsusi özəlliyi var ki, İran islam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər. Habelə, Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. Erməni işğalçıları tərəfindən istismar edilən bu yataqlar sözügedən ölkənin dırnaqarası “keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəsinə çevirmişdir.
Belə ki, Ermənistan xarici ticarətini tədqiq edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Qədim Azərbaycan torpağına aid Ermənistan ərazisində də mineral ehtiyatlar mövcuddur. Sözügedən ölkə Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiya Federasiyasına ixrac edir. Söz yox ki, istismar edilən mineral resursların mənşəyini saxtalaşdıraraq, Avropa ölkələrinə satan Ermənistan iqtisadi cinayətkarlıqla məşğul olurdu. Çünki Avropa Birliyinin qanunvericilik normalarında mənşə ölkəsinin bilərəkdən səhv ekspertiza edilməsi iqtisadi cinayətkarlıq hesab edilir və bu kimi hallar aşkarlandığı müddətdə ticarət sanksiyaları tətbiq edilir. Bütün bunları bilən Ermənistan malın mənşə özəlliyini saxtalaşdıraraq Ermənistan ərazisi kimi göstərib. Bu yataqların işlənməsində iştirak edən Sterlite Gold Ltd, Sirkap Armenian, Base Metals, Manex and Valex və Armenian Copper Program kimi onlarla şirkətin əksəriyyəti xaricdəki erməni diasporası tərəfindən idarə edilib.
Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 km çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır".

Ülvi Rufullayev
Masallı rayon Binə Xocavar kəndi

“Qızılı geri qaytardım, məni biabır elədilər” - Müəllim danışıb ağladı

muallimqizil

“İstəməzdim ki, belə olsun. 31 valideyn yığılıb bu tədbiri təşkil edib”.

Bu sözləri Qaynarinfo.az-a açıqlamasında bir neçə gündür sosial şəbəkələrdə və mediada gündəm mövzusuna çevrilən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva bildirib.

Müəllim deyib ki, 4-cü siniflərin buraxılışı ilə əlaqədar valideynlərin təşkilatçılığı və təklifi ilə restoranların birində tədbir keçirilib.

- Tədbir deyəndə nəyi nəzərdə tutursunuz?

- Valideynlər bildirdilər ki, iştirakımla tədbir keçirmək istəyirlər. Mən də bu təkliflə razılaşdım. 27 may tarixində, yəni şənbə günü Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə 4-cü siniflərin buraxılışı ilə əlaqədar restoranların birində tədbir keçirildi. Sonda qurama bir hal alındı.

- Deyirsiniz bu görüntünü valideynlər bilərəkdən yayıblar?

- Xeyr. Elə bir qurama hal demirəm. Valideynlər özləri də çox pis olublar. İnanın ki, bütün valideynlər video yayılan günü məktəbə gəldilər və onlar da çox pis olmuşdular. Hamısı məni müdafiə etdilər. Hətta valideynlər özlərini günahkar görərək bildirirdilər ki, əgər bu cür tədbir edirdiksə, gərək bu həddə çatmayaydı. “Kaş müəllimi belə bir vəziyyətə çatdırmazdıq və onu pis vəziyyətə salmazdıq”, - deyirlər.

Heç mən özüm də bunu gözləməzdim. Əgər bir müəllim kimi valideynlərin mənə təqdim etdiyi qızılı rüşvət kimi götürürdümsə, qızıl üzük niyə barmağıma girmirdi? Mənim bu hədiyyədən heç xəbərim belə yox idi. Onu rüşvət kimi alsaydım, gizlincə edərdim. Elə bil tələyə düşdüm.

- Neçə ildir sözügedən məktəbdə çalışırsınız?

- 40 ildir müəllimlik fəaliyyəti ilə məşğulam. Bunun 35 ilini sözügedən məktəbdə çalışmışam. Görün bu illər ərzində məktəbə neçə direktor gəlib-gedib. Pis olsaydım, çoxdan işdən çıxarardılar. O, məktəbdə bu illər ərzində nə qədər hadisələr olub. Heç bir qalmaqalda iştirak etməmişəm, heç vaxt mənə töhmət verilməyib. Yetirmələrimdən müxtəlif vəzifələrdə çalışanlardan tutmuş, şəhid, qazi olanlara kimi var. Heç vaxt valideynləri nəyəsə məcbur etməmişəm. Bunları deyirəm, indi deyəcəklər ki, özünü tərifləyir və yaxud müdafiə edir. Bu hadisəni özümə bağışlaya bilmirəm, məni biabır elədilər. 40 il sonra niyə belə hadisə mənim başıma gəlsin? (ağlayır) Çox söz danışa bilmirəm. Guya bu qızıl tək Yaqut müəllimənin qulağına taxılıb? Heç kimin başına belə bir hadisə gəlməyib?

- Necə olub ki, valideynlər sizə qızıl almaq qərarına gəliblər, digər əşya yox?

- Uşaqlar mənə gül təqdim edəndə özüm ağlamışam. Amma yayılan videoda tam görüntü yoxdur. Videoda elə görünür ki, guya sırğam olmayıb, gəlmişəm ora valideynlər qulağıma qızıl taxırlar. Bu səhnə mənə çox ağır gəlir (ağlayır). Valideynlər özləri də deyir ki, uşaqlarımız 4 ildir oxuyur, biz sizə heç nə etməmişik. Bu bizim ürəyimizdən gəldi, qızıl aldıq. Ona görə özüm də hansısa valideyndən şübhələnə bilmirəm. Əgər belə idisə, niyə bu hədiyyəni mənə alardılar? Özləri də bu hadisəyə görə məktəbə gəlib, direktorla da görüşdülər. Bildirdilər ki, Yaqut müəllimin heç bir günahı yoxdur. Üzr istəyirəm, onlar bu hadisəni törədəni söyürlər də... Mən özüm də məəttəl qalmışam. İnana bilmirəm ki, burada müəllimin və ya hansısa valideynin əli var. Həyatda görmədiyim bir halla rastlaşdım. Ailəm, tanış-qohumlarım zəng edirlər. Bu hadisə ilə bağlı heç kimdən heç nə eşitmək istəmirəm. Çox utanıram (ağlayır). Bilsəydim ki, belə olacaq, heç vaxt o hədiyyəni qəbul etməzdim. Bu hədiyyəni almaq üçün uzağı hər valideynə 15 manat pul düşüb. Əgər mən tələb edirdimsə, deyərdim gedin bahalı qızıllar alın. Hansısa planım olsaydı, alıb qızılları qoyardım çantama. Heç buna icazə verməzdim. Bu hədiyyənin verilməsini pis mənada başa düşməmişəm. Dedim valideynlər etmək istəyirlərsə, qoy etsinlər. Bu yaşa çatmışam, belə bir hadisə ilə heç vaxt üzləşməmişəm..

- Bu videogörüntü ilə bağlı ilk dəfə sizi kim məlumatlandırdı?

- Məktəbin rəhbərliyi məlumat verdi. Zəng etdilər ki, siz tədbirdə iştirak edib, qızıl hədiyyə almısınız? Dedim, bəli. Necə olmuşdusa, elə də dedim.

- Bəs məktəb rəhbərliyinin bu tədbirin keçirilməsindən xəbəri olub?

- Xeyr. Təhsil idarəsi, məktəb rəhbərliyi nəyə görə bu tədbirin keçirilməsini və o hədiyyəni qəbul etməyimi soruşdu. Mən onlara hər bir şeyi izah etdim. Direktor tədbir keçirilməsini qadağan edibmiş. Amma bunu mənə deməyib və heç özüm də soruşmamışam. Şənbə günü olduğundan sinfimlə bu tədbiri restoranda keçirdim və nəticəsi də belə oldu. Mənim səhvim, birincisi, rəhbərliyi məlumatlandırmamağım, ikincisi, o hədiyyəni qəbul etməyimdir. Bilsəydim, orada iştirak etməzdim. Bu neçə illər ərzində heç bir məktəb rəhbərliyinə söz eşitdirməmişəm. Gərək bunu da etməzdim. Məktəb direktoru da mənə görə töhmət aldı.

- Abşeron-Xızı Regional Təhsil İdarəsinin sizinlə bağlı qərarı nə oldu?

- Təqaüd yaşıma hələ 3 ilə yaxın qalıb. İdarəyə necə olubsa, izahat yazdım. Valideynlər özləri də idarəyə gəldilər. Onlar özləri akt yazdılar ki, müəllimin günahı yoxdur. Hara lazımdırsa, orada izahat verməyə hazırdırlar. Daha heç nə bilmirəm. Özüm ibadət əhliyəm. Heç vaxt əyri yolla iş tutmaram.

- O qızılların aqibəti necə oldu?

- Mən qızılları valideynlərə təqdim etdim. Dedim mənə lazım deyil. Götürmürlər. Onlar da çox pis oldular. Müəllim kimi hər kəsdən xahiş edirəm ki, haqqımda mənfi heç nə yazmasınlar, tanımadan, bilmədən haqqıma girməsinlər.

26 İyun- Azərbaycan Respublikası Silahlı Qüvvələr günü

sq6

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də
onun silahlı qüvvələridir. Azərbaycan ordusunun 1918-ci ildən başlayan keşməkeşli
və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Sevindirici haldır ki,
zamanın sınağından alnıaçıq, üzüağ çıxan silahlı qüvvələrimiz istənilən hücumdan
qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru
ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının
tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi
kimi dəyərləndirmək olar. Xalqımızın dahi oğlu 1971-ci il iyunun 20-də Cəmşid
Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha
çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik
məktəblərinə, eləcədə SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail
olmaqla bu günkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması
işinin əsasını qoydu.
Müstəqillik əldə etdikdən sonra yaranmış çətin vəziyyətlə əlaqədar olaraq
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda
siyasi hakimiyyətə qayıtdı. Onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi
xidmətlərindən biri də Azərbaycan silahlı qüvvələrini ağır böhranlı vəziyyətdən
çıxarması, ordunu siyasi oyunlardan kənarlaşdırması oldu. Ulu Öndər zəngin
dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu
quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını
qoydu. Azərbaycanda hərbi quruculuq işləri bu gün də yüksələn xətlə inkişaf edir.
Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, silahlı
qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda
fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji
əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu
quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır.
Azərbaycan ordusu 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda
qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər
Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən
sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini
rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını
imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT
Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Ermənistan ordusu barədə 30 il müddətində formalaşdırılan “yenilməz ordu” mifi
darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili
vəziyyət getdikcə gərginləşdi. Azərbaycan Ordusunun en¬dirdiyi sərrast, güclü

zərbələr nəticəsində qısa dövrdə Ermənistanın 3 milyard dollar məbləğində hərbi
texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar
ölkədə hərbi xidmətdən boyunqaçır¬ma və fərarilik halları geniş vüsət aldı.
İmzaladığı təslim aktına əsasən, işğalçı Ermənistan qoşunlarını işğal edilmiş
ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmaqla
razılaşması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir.

 Rahim SƏRXANLI
Masallı Dövlət Regional Kollecinin hərbi rəhbəri

Dövlətin və dövlətçiliyin itirilməsi təhlükəsi

15iyun1

Məlumdur ki bütün xalqların qarşısında duran ən ümdə vəzifə müstəqil dövlətə
nail olmaqdır.Lakin azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub
saxlamaq bir o qədər mürəkkəbdir.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən
Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət
böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı
bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət
müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü
illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər
dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə
liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi
görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir
olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə
bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş
proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə
xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın
müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də
Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan
ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın
Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi,
məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun
ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı,
getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu
ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac
olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə
bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə
şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız
Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində
idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs
verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli
hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün
həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm
addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, –
deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi
son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam
ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll
edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin
müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı
və inkişafın təməlini qoydu.
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi,
respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz
fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il

oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident
seçildi.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı
inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və
siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə
qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin
qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına
Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi
bayram kimi qeyd edilir.

Sima Abbasova

Mahmudavar kənd tam orta məktəbin müəllimi

Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir

iksmedia

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev istər işğaldan azad edilən ərazilərə səfərləri zamanı, istərsə də digər tədbirlərdə dəfələrlə bəyan etmişdir ki, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəlməsi, ən müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpası üçün dövlət tərəfindən ən qısa müddətdə kompleks tədbirlər həyata keçiriləcək. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytararaq, hər bir şəhəri, kəndi dirçəldəcək.
Ölkə başçısı son aylarda, demək olar ki, bütün azad olunmuş ərazilərimizə gedir, aparılan bərpa işləri ilə yerində tanış olur, hazır obyektlərin açılışını edir, yeni tikintilərin təməlini qoyur. İşğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir.
Qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtması təmin ediləcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacaq.
İşğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrindən də geniş istifadə edilməsi nəzərdə tutulur. Belə ki, “Yaşıl enerji zonası” konsepsiyasına əsasən Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Günəş elektrik stansiyalarının (GES) tikintisi nəzərdə tutulur. Ölkə ərazisində həyata keçirilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə siyasəti belə düşünməyə əsas verir ki, “Yaşıl enerji” konsepsiyası da qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinə öz müsbət təsirini göstərəcək.
Müharibədən sonrakı Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələr aparılır. Bərpa-quruculuq və yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır.

Sevanə Mənsimova

Masallı rayon sakini

Altbölüm

3 -dən səhifə 32

Oxşar məqalələr