AXTAR

Madrid prinsiplərini Qarabağ prinsipləri əvəzləməlidir

Şərtləri qalib tərəfin diktə etməsi məntiqi zərurətdir

qalib ilham əliyev

Müharibə davam edir. Amma qalib məlumdur. 30 il əvvəl təklənən Azərbaycan indi qol-budaqlı siyasi-hərbi fenomenə çevrilib və indiyədək Minsk qrupu tərəfindən edilməli olan, lakin edilə bilməyən yaxud bunu bilərəkdən etməyənlərin əvəzinə özü öz ərazi bütövlüyünün bərpasının əsasını yaradıb. Düşmən sürətlə torpaqlarımızdan qovulur. Ordumuz irəliləyir və qələbənin astanasındadır.
İşğalçı Ermənistanın təxribatları fonunda Azərbaycanın əks-hücumu həm ədalətli, həm də regiona və dünya siyasətinə olduqca ağır zərbələr vurmuş bir münaqişənin həlli baxımından olduqca aktualdır. Bu cür uğurlu əks-hücumla Azərbaycan onu istəməyən pozucu qüvvələrə sübut etdi ki, onun liderlik mövqeyi, beynəlxalq nüfuzu və sürətli sosial-iqtisadi inkişafı təsadüfi deyil. Üstəlik, Minsk qrupunun supergüc dövlətləri təmsil edən həmsədrlərinə də sübut etdi ki, onlar indiyədək ikili standartlardan çıxış ediblər və nəhənglərin görə bilmədiyi işi Azərbaycan təkbaşına görə bildi. Bir sözlə, zərərçəkən, işğala məruz qalan Azərbaycan bu gün qalib rolundadır. İndi qalır düşmənin təslim edilməsinin rəsmiləşdirilməsi, sərhədlərimizin rəsmi bərpası və təbii ki, masa arxasında əyləşib bütün bu problemləri müzakirə etmək.
İndiyədək həmsədrlər özlərinin hazırlayıb irəli sürdükləri və “Madrid prinsipləri” adı verdikləri sənədi nizamasalmanın əsası hesab edirlər. Düzdür, arada Praqa formatı, Münhen görüşləri və sairə müzakirələr də olub. Sonuncu isə Rusiya XİN rəhbəri Sergey Lavrovun adına çıxılan Kazan formatı barədə də geniş danışılıb və Lavrov yenə də bu barədə hansısa açıqlamalar verir. Ancaq indi vəziyyət dəyişib. Azərbaycan hələ heç bir sənədi və ya təklifi olduğu kimi qəbul etməyib, sadəcə, ya qismən razılaşıb, ya da düzəlişlərlə qəbul edəcəyini bildirib. Çünki, heç kimə sirr deyil ki, Minsk qrupunun gizli niyyəti Qarabağın dağlıq hissəsinin Azərbaycandan qoparılıb Ermənistanın adına təsbit edilməsi olub. Bunu vaxtında anlayan və qabaqlayıcı tədbir kimi tam razılığını ifadə etməyən Azərbayucan diplomatiyası həmişə ərazi bütövlüyünü önə çıxarıb və bununla da haqqı, ədaləti və tarixi həqiqəti müdafiə edib. Budur, vaxt gəlib çatıb. Tarixi ədalətin reallaşması üçün Azərbaycan özü və bu işdə maraqları və ya iştirakları olan hər kəs üçün münbit zəmin hazırlayıb. Füzuli, Cəbrayıl tam azad edilib, Zəngilan və Qubadlı azad edilmiş kimidir, Ağdərə və Ağdam bu gün-sabah azad olunacaq, Kəlbəcər nəzarətimiz altındadır, Laçının azad edilməsi isə müəyyən qısa vaxt tələb edir. Qaldı ki, Qarabağın dağlıq hissəsinin azadlığı, Şuşa və Xankəndi silahlarımızın nişangahındadır. Hücum üçün ani bir siqnal gərəkdir.
Belə şəraitdə Minsk qrupunun həmsədrləri və bəzi ölkələrdəki sınıq-salxaq siyasi qüvvələr atəşkəsdən və nizamlanmadan danışmağa başlayıblar. Prinsipcə, Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılmasının tərəfdarı olub. Yenə də bu missiyasına sadiqdir. Amma bir şərtlə: Ermənistan qoşunları Azərbaycan ərazisini tərk etməlidir. Azərbaycan Prezidenti İlham Əliyev TASS informasiya agentliyinə müsahibəsində bildirib ki, biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik: “Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu”.
30 il əvvəl olduğu kimi indi də günah işğalçıdadır və ilk güllə Ermənistandan atılıb. Buna görə də dövlət başçısı vurğulayıb ki, vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil: “Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq”.
Azərbaycan Prezidenti həmişə öz sözünün ağası olub, dediyi sözün çəkisini və etibarlılığını qoruyub. Ancaq siyasətdə hər anın öz hökmü var. Biz bir neçə ay əvvəlki şərhlərimizin birində yeni dünya düzəninin Cənubi Qafqazdan başlatyacağı iddiasını irəli sürmüşdük. Təbii ki, bu düzənin əsas akkumulyatoru Qarabağ münaqişəsi olmalı idi. Çünki, Qafqazda bütün iqtisadi və siyasi məsələlər bu münaqişəyə rəğmən hesablanıb həyata keçirilir. Hazırda bütün cəbhə boyu nəzarəti özündə saxlamaqla yeni düzənin başlıca stimullaşdırıcı qüvvəsi Azərbaycanın fəaliyyəti ilə müəyyən olunmalıdır. Yəni, ermənilərin və həmsədrlərin fəaliyyəti ilə artıq Mardid prinsipləri öz aktuallığı itirib və sülhün təminatında əsaslı rol oynaya bilməz. Bunun qarşılığında isə Azərbaycanın “Qarabağ prinsipləri” adlandıra biləcəyimiz və haqq-ədaləti təmin edən prinsiplər əsas götürülməlidir. Bu prinsiplərin zirvəsi Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi kimi ölkəmizin ərazi bütövlüyü çərçivəsində Qarabağın dağlıq hissəsində kompakt yaşayan ermənilərə muxtariyyətin tanınmasıdır. Bu muxtariyyət özündə nələri ehtiva edəcək bu, danışıqlar mövzusu ola bilər. Təbii ki, müstəqillik anlayışı birdəfəlik arxivə atılmalıdır.
Sülhün bərpası yolunda bu istiqamət Azərbaycanın qəbul etdiyi kompromis sayılır. Lakin məsələnin digər tərəfi də var. Vaxtilə Rusiya imperiyasının anklava çevirdiyi Azərbaycanın qədim diyarı Naxçıvanla dəhliz yaradılması da Ermənistan tərəfindən kompromis varint sayılmalıdır. Çünki, bu, xeyli müddət əvvəlki müzakirələrdə razılaşmanın baza prinsipi kimi nəzərdə tutulub, amma Ermənuistan hakimiyyətinin dağıdıcı fəaliyyəti bu müzakirələri yarımçıq qoyub. Naxçıvana dəhliz ən yaxşı halda qədim Azərbaycan torpağı olan, 100 il əvvəl isə Leninin təşəbbüsü ilə Ermənistana birləşdirilən, azərbaycanlıların vaxtilə kompakt yaşadıqları Zəngəzur torpağına Dağlıq Qarabağa uyğun muxtariyyətin verilməsidir. Danışıqlar masasının qalib tərəfi kimi Azərbaycanın bu prinsipləri irəli sürməyə və təkid etməyə tam hüququ var. Çünki, Qarabağ prinsipləri ədalətin təntənəsi, Cənubi Qafqazda əbədi sülhün açarı ola bilər.
N.NOVRUZ

P.S. Bir neçə dəqiqə əvvəl Azərbaycanın xoşxəbər prezidenti, qalib Ali Baş Komandan İlham Əliyev xalqa növbəti müraciətində bildirdi ki, artıq Zəngilan rayonu da düşməndən azad edilib. Qarabağ Azərbaycandır!. Yaşasın xalqımız, oprdumuz və rəhbərimiz!

Oxşar məqalələr