“Rossiya 1” telekanalında Azərbaycan Prezidenti Ermənistanın baş nazirinə tarixi dərs keçdi
Rusiyanın “Rossiya-1” telekanalı videoformatda Azərbaycan və Ermənistan prezidentlərini “60 dəqiqə” verilişinə dəvət edib. Onlara verilən suallar kəskinliyi və aktuallığı ilə seçilib, habelə müharibənin alovlandığı günlərdə baş verən hadisələrə həsr edilib.
Bu ilin iyul ayında düşmənin Tovuz təxribatından sonra Ali Baş Komandan İlham Əliyev işğalçıya bir daha xəbərdarlıq edərək düşmənin istənilən qəfil hücumunun qarşısının alınacağını söyləmişdi. Azərbaycanın artıq qüdrətli dövlətə çevrildiyini deyən dövlətimizin başçısı Ermənistanın rəhbərliyinə mesaj göndərərək təkbətək savaşa çağırmışdı: “Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”.
Hesab etmək olar ki, telekanalda qabaq-qarşı suallara cavab verməyin özü də müasir dünyada təkbətək döyüşün bir formasıdır. Həqiqətdə isə telekanalın dəvətini qəbul etməklə Azərbaycan prezidenti erməniliyin Rusiya informasiya məkanında yaratdığı böyük təbliğat maşınına qarşı çıxmışdı və nəticədə Azərbaycanın ermənilik üzərində qələbəsi qeydə alındı.
Verilişin ilk beşdə/bir hissəsi rəsmi məlumatlardan yox, “ağız” məlumatından əldə edilmiş faktlar üzrə aparıcının verdiyi suallara Prezident İlham Əliyev rəsmi təsbit edilmiş, faktlara söykənən, reallığı əks etdirən elə dəqiq və hərtərəfli cavablar verdi ki, erməni tərəfinin gözlərini döyməkdən başqa heç nəyə gücü çatmadı. Tamaşaçıya məlum oldu ki, iki il yarım əvvəl “erməni inqilabçısı” adı ilə meydana şıxan və erməni xalqını aldadıb hakimiyyətə yiyələnən baş nazir Nikol Paşinyan əslində boşboğaz, yalançı və erməniliyin tipik nümayəndəsi, Ermənistanın keçmiş cinayətkar rejimlərinin astar üzüdür.
Prezident İlham Əliyev özünün cavabları ilə efirin imkan verdiyi üslubda olduqca qısa, amma tutarlı və arqumentli faktlarla erməni hərbi-siyasi hakimiyyətini heyrətamiz şəkildə ifşa etdi. Rusiyanın və təbii ki, dünya ictimaiyyətinin böyük bir auditoriyası hərbi əməliyyatların başlanmasına aparan yol, bu yolda Paşinyan hakimiyyətinin oynadığı aparıcı rol barədə geniş və məntiqli məlumat bazası ilə tanış oldu.
Nikol Paşinyanın işğal etdikləri Azərbaycan ərazisinə gələrək orada “Qarabağ Ermənistandır” deməsi onun bir ölkə rəhbəri kimi iflasının başlanğıcını qoymuşdu. Həmin ifadəyə görə də Ermənistanın baş naziri Azərbaycan Prezidentindən kifayət qədər güclü zərbə almışdı. Ancaq indi respublikamızın ərazisini bərpa etmək üçün silahlı qüvvələrimiz genişmiqyaslı əks-hücuma keçib. Başqa sözlə, ordumuz terrorizmə qarşı təmizləmə əməliyyatları aparır, terrorçuların yanında olub onlara hərtərəfli hərbi dəstək göstərən və Azərbaycan ərazisini legitimləşdirib öz ərazisinə qatmaq istəyən Ermənistan qoşunlarını darmadağın edir. Dünya siyasətçilərinin nəzər-diqqəti Azərbaycana yönəlib. Belə bir ciddi siyasi gərginlik içərisində həqiqətləri ortaya çıxarmaq, ermənilərin avantürasını və qəsbkarlığını açıb göstərmək olduqca vacib məsələ idi ki, bu vəzifəni də Prezident İlham Əliyev ən yüksək səviyyədə yerinə yetirdi.
Aparıcının Türkiyənin döyüş meydanında Azərbaycana köməyi barədə verdiyi suala Prezident İlham Əliyev belə cavab verib: “Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”.
Məsələ burasındadır ki, Paşinyan dünyanın dörd bir yanına müsajlar göndərir, zənglər edir, ah-nalə edir ki, Türkiyəni bu işdən uzaqlaşdırın, imkan verməyin bizi qırsın. Əslində isə Türkiyə yalnız Azərbaycanı dəstəkləyir və əgər üçüncü bir qüvvə Ermənistan tərəfindən döyüşə girərsə, onda Türkiyə də biz tərəfdən vuruşacaq. Yəni, Türkiyə Azərbaycan üçün üçüncü qüvvələrə qarşı zəmanətdir, onu ləkələmək cəhdi əbəsdir. Qaldı ki, azərbaycanlı hərbçilərin bacarığına, bir neçə gün ərzində Azərbaycan ordusunun məhv etdiyi düşmən hərbçilərinin və hərbi texnikasının sayı Ermənistanın öldürdüyü hərbçilərimiz və məhv etdiyi hərbi texnikamız barədə şişirdilmiş rəqəmlərindən azı iki dəfə çoxdur. Belə olan təqdirdə Ermənistan silahlı qüvvələrini qovub ərazimizdən çıxarmaq üçün bizim əlavə qüvvəyə ehtiyacımız yoxdur.
Fikir verin ki, uzun illərdir ki, Suriyadan, Livandan və digər ölkələrdən, hətta Fransadan terrorçuları Qarabağa yerləşdirərək onlardan Azərbaycana qarşı istifadə edən Ermənistan indi suriyalı muzdluların Azərbaycan tərəfdən vuruşması haqda danışır. Halbuki, bu, sadəcə mümkün olan iş deyil, təkcə ona görə ki, Suriyanın adı respublika, özü monarxiya olan dövlətinin başçısı Bəşər Əsəd Ermənistanın qəsbkarlıq siyasətini dəstəkləyir. Bu məsələ haqda da Prezident İlham Əliyev aydın və təkzibolunmaz şərh verib: “Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.
Müsahibənin digər müsahibi Nikol Paşinyan elə acınacaqlı duruma düşmüşdü ki, elə həmin vaxtda artıq gizlənməyə yer axtarır, düz və aydın baxmağa cəsarət etmirdi. Beləcə, Prezident İlham Əliyev informasiya məkanında Ermənistanın baş nazirini,yəni aparıcı rəsmi şəxsini birdəfəlik məğlub etməklə əsgərlərimizin döyüş meydanında yeni qələbələr qazanmasını stimullaşdırdı.
N.NOVRUZ