Ermənistanın beynəlxalq hüquqa etinasızlığı savaşı tətikləyir
Livanda baş vermiş partlayışı bəhanə edərək bu ölkənin erməni vətəndaşlarını Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürən Ermənistan siyasi hakimiyyətinin hüdudsuz özbaşınalığıdır.
Artıq uzun illərdir ki, Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozur, digər ölkələrdə yaşayan etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması üçün hər fürsətdən istifadə edir. İndi də Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejimin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Ermənistanın ictimai radiosunun yaydığı xəbərə görə, artıq Livandan gətirilmiş bir neçə erməni ailəsi bölgədə yerləşdirilib. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb. Ermənilərin “repatriasiya” və “humanitar yardım” adı altında həyata keçirdiyi bu aksiyalar yürütdüyü ilhaq siyasətinin bir hissəsidir. Bundan bir məqsəd işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləridirsə, digər məqsəd terrorçuların Ermənistan silahlı qüvvələri ilə birgə hərbi əməliyyatlara cəlb edilməsidir.
Müxtəlif ölkələrdən olan alimlər, politoloqlar, siyasi ekspertlər, həmçinin bir sıra təşkilatlar səslərini ucaldaraq Ermənistanın bu addımını cinayət adlandırıb və müvafiq izahlarla iddialarını sübut ediblər. Gözləmək molardı ki, ATƏT, habelə Minsk qrupunun həmsədrləri də məsələyə adekvar münasibət bildirəcək, işğal edilmiş ərazilərdə məskunlaşma siyasəıti apararaq demoqrafiq balansı süni şəkildə dəyişdirənləri sərt tənqid edəcəklər. Lakin livanlı ermənilər Azərbaycanda artıq yaşayır, ATƏT-dən isə səs çıxmır.
Buna görə də Azərbaycan XİN Livandan ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı ciddi etirazını həmsədrlər qarşısında qaldırıb. Son günlər sosial şəbəkələrdə təcavüzkar ölkə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdirildiyini nümayiş etdirən video-görüntülər yayılıb. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq tanınmış əraziləri olan və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb. Bu qanunsuz fəaliyyət işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasıdır: “Qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən Ermənistanın məqsədi isə aydındır; təcavüzkar ölkə bu yolla işğal etdiyi ərazilərdə həyata keçirilən etnik təmizləmənin nəticələrini, işğala əsaslanan status-kvo vəziyyətini möhkəmləndirməyə çalışır. Bölgə ilə hər hansı əlaqəsi olmayan etnik erməniləri Azərbaycanın hazırda işğal altında olan torpaqlarına qanunsuz şəkildə köçürməklə burada ermənilərin sayını süni şəkildə artırmağa çalışan işğalçı Ermənistan 30 ilə yaxındır ki, insan hüquqları pozulan, Dağlıq Qarabağ və ətraf bölgələrdən zorla didərgin salınan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri qayıtmasına əngəl törədir”.
Nəhayət, həmsədrlərdən “səssiz səs” çıxıb. ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) Parisdə məsləhətləşmələr aparıblar. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Həmsədrlər bu il iyulun ortalarında Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə xüsusi diqqət yetirərək bölgədəki vəziyyəti nəzərdən keçiriblər. Onlar tərəflərin mesajlarını və narahatlıqlarını diqqətlə nəzərdən keçirərək qiymətləndiriblər. A.Kaspşik tərəfindən döyüş mövqelərindəki vəziyyət barədə məlumat alan həmsədrlər, hətta əl də çalıblar: monitorinqi bərpa etmək üçün A. Kaspşikin hərəkətləri onları cuşa gətirib. Minsk qrupunun yaydığı bəyanatda deyilir ki, həmsədrlər ATƏT-dəki mandatlarına uyğun olaraq münaqişənin dinc və hərtərəfli nizamlanmasına dair danışıqlara fəal və hərtərəfli kömək etməyə davam edirlər. Vəssalam! Ermənistanın qeyri-qanuni fəaliyyəti barədə bircə kəlmə də. Əgər onlar daşıdıqları mandata hörmət etsəydilər və münaiqşənin həllində ədalətli sülhü əsas götürsəydilər, onda düşmənçiliyi gücləndirən, sülhü pozan süni məskunlaşdırma siyasətinin cinayət olduğunu bildirməliydilər. Lakin bildirmədilər və bununla da Minsk qrupunun özünün təcavüzkar fəaliyyəti dəstəklıədiyini göstərmiş oldular. Bundan sonra Azərbaycanın bu qrupa etimad göstərməsi, onların çağırışı ilə danışıqlar aparması hansı məntiqə sığar. Düzdür, Xarici İşlər Naziri Ceyhun Bayramov protokola görə hansısa görüşlərdə iştirak edəcək. Amma məsələ daha əvvəlki vaxtlardakı kimi deyib-gülüb zarafatlaşmaq çərçivəsindən çıxacaq və ortada ciddi məram olmasa, çətin ki, Azərbaycan tərəfi protokola da riayət etsin.
N.NOVRUZ